Qaxda kömür sexləri nəzarətdən çıxıb: Yaşıllıqlar məhv olur, qurumlara böhtan atılır

Qaxda kömür sexləri nəzarətdən çıxıb:
Bakunews.az-a daxil olan məlumatlara əsasən, Qax rayonunda son zamanlar sürətlə artmaqda olan qanunsuz kömür sexləri geniş narahatlıq doğurur. Qanunla qadağan olunmasına baxmayaraq, bu obyektlər fəaliyyətdədir və meşə zolaqlarında kütləvi şəkildə ağac kəsərək onları istifadə edərək kömür istehsalı həyata keçirirlər. Məqsəd isə aydındır, paytaxt Bakıda vər regionda yerləşən restoranlara kütləvi şəkildə kömür satışı.

Etibarlı mənbələrin bildirdiyinə görə, bu sexlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə cərimələnsə də, fəaliyyətlərini sistematik və davamlı şəkildə sürdürməkdədirlər. Aidiyyəti dövlət qurumlarını hədəf alaraq onlara böhtan atan bu şəxslər, öz qanunsuz fəaliyyətlərini pərdələmək üçün şayiələr yaymaqla, əraziyə nəzarət edən əməkdaşların müdaxiləsinin qarşısını almağa çalışırlar.

Ən narahatedici hal isə odur ki, jurnalistlərin də bu məsələni işıqlandırmasına qarşı təzyiq və böhtan kampaniyası həyata keçirilir. Bakunews.az-ın müxbiri də yerində araşdırma apararkən oxşar təzyiqlərlə üzləşib.

İctimaiyyətin və media nümayəndələrinin gözü qarşısında baş verən bu özbaşınalıq, dövlətin müvafiq strukturlarının nüfuzuna kölgə salmaqla yanaşı, ətraf mühitə də ciddi təhlükə törədir. Aidiyyəti qurumların bu dəfə qətiyyətli və hüquqi mexanizmlərlə məsələyə müdaxilə etməsi zəruridir.

Bakunews.az məsələni diqqətdə saxlayır, növbəti mərhələdə Ekologiya Nazirliyi və digər aidiyyəti qurumların rəsmi mövqeyini öyrənmək üçün müraciət edəcək.
Tarix: Dünən, 11:50
Xəbəri paylaş





Xəbər lenti