Korrupsionerlər toxunulmaz qalacaq? – Ekspertdən qalmaqallı açıqlama

Korrupsionerlər toxunulmaz qalacaq? – Ekspertdən qalmaqallı açıqlama

Bundan sonra korrupsionerlərin heç lazımi sənəd düzəltdirməyə ehtiyacları olmayacaq. Hər hansı kağız parçasında xərci yazacaqlar, imzalatdıracaqlar, yoldan keçən auditoru cəlb edib lazımi rəy alacaqlar, vəssalam! Bunu mən yox, Bakı Apellyasiya Məhkəməsi deyir!
Tribuna.az bildirir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi bununla mənimsəmələri leqallaşdıra bilər:
“Hər hansı qurumun rəhbəri vəsaiti necə mənimsəyir, baxaq. Deməli, satınalmalarda qiyməti şişirdir və “otkat” alır, yaxud ümumiyyətlə yalnız sənəd üzərində olan fəaliyyətə “çəkilmiş” xərci cibinə qoyur, kiməsə formal maaş yazır və cibinə qoyur və s. və i.a.
Amma hər bir halda bütün bu “çak-çuk”lar lazımi qaydada sənədləşdirilir (müqavilə, qaimə, kassa sənədi və s.) ki, yoxlama gələndə təqdim olunsun. Düzdür, hüquq-mühafizə orqanları işə girişəndə sənədləşdirmə də kömək etmir, çünki həmin orqanlar işin bütün faktiki hallarını araşdırır.
Lakin ola bilər ki, bundan sonra korrupsionerlərin heç lazımi sənəd qayıtdırmağa ehtiyacları olmayacaq. Hər hansı kağız parçasında xərci yazacaqlar, imzalatdıracaqlar, yoldan keçən auditoru cəlb edib lazımi rəy alacaqlar, vəssalam! Bunu mən yox, Bakı Apellyasiya Məhkəməsi deyir!
Deməli, çoxmənzilli binanın Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) sabiq sədri 5 illik rəhbərliyi dövründə (sakinlər onu rəhbərlikdən qovanadək) xeyli vəsaiti mənimsəyib, vəzifədən gedəndən sonra da möhürü və digər sənədləri təhvil verməyib. Birinci instansiya məhkəməsində o, birmənalı olaraq bildirdi ki, (iclasın videogörüntüsü var!!!), möhür də ondadır, sənədlər də, MMMC-nin yeni rəhbərliyini qanunsuz hesab etdiyi üçün təhvil vermir. Həmçinin bildirdi ki, rəhbərliyi dövründə sakinlərdən 758200 manatdan çox pul toplayıb. Həmin vəsaiti necə xərcləməsinə gəldikdə isə bildirdi ki, guya hamısını da MMMC üçün xərcləyib, lakin “onun içində görsənən və görsənməyən xərclər” var. Görsənməyən xərclərin mahiyyəti haqda suala isə “Azərbaycandır da” cavabını verir. Yəni xərclərin bir qisminin təsdiqsiz olmasını etiraf etdi!
Birinci instansiya məhkəməsi audit yoxlaması təyin etdi. Cavabdeh auditora qeyri-rəsmi sənədlər, yəni sadəcə kağız parçaları təqdim etdi. Guya həmin cızma-qara onun xərclərini təsdiq edir. Təsəvvür edin ki, onların içində guya verilən əmək haqqı və ya şirkətlərə ödənilən vəsaitlərə dair “sənəd”lər var. Nə əmək müqavilələrinin elektron sistemi, nə vergi orqanındakı baza, nə bank çıxarışları, nə hansısa kassa sənədləri və digər rəsmi sənədlərlə bu xərclər təsdiqini tapmır. Məhkəmə Eksperiza Mərkəzi mühasibatlıq ekspertizası zamanı belə sənədləri ümumiyyətlə qəbul etməzdi. Lakin auditor bu sənədləri nəinki qəbul etdi, onları əsas götürərək rəy verdi ki, guya cavabdeh aldığı pulları MMMC üçün xərcləyib, hətta guya cibindən də artıq xərcləyib. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi də bunun əsasında MMMC-nin iddiasını (mənimsənilmiş pulun qaytarılması haqda) rədd etdi. Apellyasiya məhkəməsi hətta birinci instansiya məhkəməsindəki iclasların videogörüntüsünə baxmaqdan da imtina etdi, halbuki, orada cavabdehin etirafları var!
Necə deyərlər, torbada pişik var, özü də mənimsənilən məbləğin iriliyini nəzərə alaraq, pişik də zırpıdır yəqin!”.
Ə. Həsənov bildirib ki, belə olduğu halda korrupsionerləri cinayət məsuliyyətinə cəlb etmək olmayacaq:
“Hazırda MMMC-nin kassasiya şikayətinə hakim Aqil Abbasovun sədrliyi ilə Ali Məhkəmə baxır. Faktiki olaraq Ali Məhkəmə MMMC-nin və onun keçmiş rəhbərinin deyil, hüquq-mühafizə orqanlarının da gələcək fəaliyyətinin taleyini həll edir. Çünki qətnamə qüvvədə qaldığı təqdirdə Azərbaycanda hər hansı rəhbər şəxs ona etibar edilmiş vəsaiti istədiyi kimi xərcləyə biləcək. Pul ondan tələb edildikdə isə təsdiqedici qeyri-rəsmi sənədlər düzəltdirib təqdim edəcək. Bu minvalla nəinki mülki qaydada pulu tələb etmək olmayacaq, hətta mənimsəmə və s. cinayətləri törətmiş korrupsionerləri cinayət məsuliyyətinə cəlb etmək olmayacaq. Korrupsioner məhkəmənin köməyi ilə auditor cəlb edəcək, auditor istənilən kağız parçasını “sənəd” hesab edəcək, vəssalam.
Odur ki, dəyərli (əlbəttə, onlar dəyərlidir, biz yox ki!) korrupsionerlər, bir az da səbrli olun, fəaliyyətinizin tam leqallaşdırılmasının bir addımındasınız. Siz deyən olsa, bundan sonra heç əfvə və amnistiyaya da ehtiyacınız olmayacaq”.
Tarix: 8-12-2025, 10:16
Xəbəri paylaş





Xəbər lenti