Gündəmdəm qıraqda qalan mövzulara girişərək solçuluq etmək kimi çıxmasın, bu rayonların birləşdirilməsi məsələsi açıq qaldı axı.Təşəbbüsü həmkarımız Heydər Oğuz qaldırmışdı və izah etmişdi ki, bu zamanın tələbidir, qaçılmaz zərurətdir, rayonların birləşdirilməsi labüddür, yaxın illərdə hökumət də bu addımı atacaq.
Amma hökumət hələlik bu addımı atmadığı üçün ölkənin ən kiçik rayonu (üç kəndi var) Sədərəyin partiya-sovet-təsərrüfat fəalları Heydər bəyin üzərinə elə bir hücuma keçmişdilər ki, sanasan, rayonları birləşdirmək işinə şəxsən jurnalist-publisist qardaş özü baxır və nə qədər gec deyil, onu bu fikrindən daşındırmaq lazımdır.
Bu hücum təsadüfi deyildi. Çünki H.Oğuz kiçik rayonların perspektivsizliyinə misal olaraq Sədərəyin adını çəkmiş, Hacıqabul, Xızı, Siyəzən, Qobustan, Samux kimi rayonları qıraqda qoymuşdu.
Bu adını çəkdiyim rayonlar sonradan, müstəqillik dövründə əmələ gələn rayonlardır, ondan əvvəl Sabirabad, Abşeron, Şabran, Şamaxı, Göygöl (o vaxtkı Xanlar) kimi rayonların tərkibində olublar. Sadəcə, ölkəmiz yenicə müstəqillik qazandığı vaxt bu rayonların camaatı da ayağa qalxaraq özləri üçün müstəqillik tələb etdilər və ümumi tendensiya təxminən “insanlara azadlıq, rayonlara istiqalal” olduğu üçün istəklərinə çatdılar.
Hətta bir az başqa iri qəsəbələr də metropoliya-rayonlardan ayrılıb müstəqil rayon olmaq istəyirdilər, amma ümumi gedişat “hərəyə bir rayon açaq” səmtinə tərəf aparırdı, bu gedişlə ölkədəki bütün qəsəbələr rayon mərkəzi ola bilərdi. Ona görə bu məsələ vaxtında qapadıldı.
O vaxtlar beləydi: kənd sovetlikləri, kolxozlar, sovxozlar da bir-birindən ayrılırdı, hamı müstəqil olmaq istəyirdi. Siyəzəndə Beşdam kəndi Zaratdan ayrılmışdı, 3 yük avtomobili, iki traktoru, 15-20 evi ilə müstəqil təsərrüfat olmuşdu. Bu proses, demək olar ki, bütün rayonlarda getmişdi. Hamı ağa (sədr, direktor, baş mütəxəssis, filan-bəsməkan) olmuşdu, inəklər ortada qalıb mələşirdi.
Bu işin biləndarları deyirlər ki, Azərbaycan boyda ölkələrdə 64 rayona ehtiyac yoxdur, bu iki dəfə azaldılmalıdır. Yəni 25-30 rayon olsa bəsdir.
Bu fikirə qarşı çıxanlar da deyirlər ki, bəs o rayonları idarə edənlər necə olsun, işsiz qalacaqlar. Yox, niyə işsiz qalırlar ki? Namxuda, İH başçılarının və onların müavinlərinin hamısı həm də biznesmendir, şadlıq sarayları, otelləri, tikinti trestləri, mal-qara fermaları, istixanaları, supermarketləri, YDM-ləri, cürbəcür sexləri, bir sözlə, hər şeyləri var. İşdən çıxsalar da milyonçu biznesmen kimi fəaliyyət göstərər, digər işsiz qalmış iş yoldaşlarını da yanlarında yerləşdirərlər. Heç kim işsiz-gücsüz qalmaz, amma nə qədər dövlət vəsaitinə qənaət olunar, həm də xalqdan xərac umanların sayı ikiqat azalar.
Uzağa getməyək, elə Xocavənd rayonunu götürək, ərazisi böyükdür, amma əhalisi azdır. Tarixən xocavəndlilər özlərini qarabulaqlı (Qaryagin, Füzuli) sayıblar, indi də elə təqdim edirlər. Ona görə də keçmiş Hadrut və Martuni rayonlarının yerində əmələ gəlmiş Xocavənd rayonunu Füzuliyə birləşdirmək, ya da bütün bu ərazilər əsasında yeni Qarabulaq rayonu təsis etmək mümkündür.
O biri Qarabağ rayonları da eləcə, öz aralarında birləşib böyüsələr, daha effektiv olar. Məsələn, qoy, daha da birləşib olsunlar bir can, Cəbrayıl, Qubadlı, bir də Zəngilan. Əsgəran və Xocalı rayonları Ağdamla birləşə bilərlər. Ölkənin ən kiçik rayonu olan Tərtər Ağdərənin kəndlərini hesabıma böyüyə bilər. O birilər də eləcə.
Bu islahatın xalqa elə bir isti-soyuğu olmaz, olsa-olsa məmurlara ola bilər. Bax, Heydər Oğuzu da itdən alıb itə verənlər, trol hücumuna məruz qoyanlar o məmurlardır. Hamı öz rahatlığını, az zəhmətlə böyük qazanc əldə etməyini düşünür. Dövlət büdcəsindəki milyonların mənasız yerə xərclənməsi, işi, fəaliyyəti zəif olan dövlət aparatının saxlanmasına sərf olunması heç kimin vecinə deyil. “Mən salim olum, dünya, cahan batsa da, batsın” məsələsi...
Sizi əmin edirəm ki, sabah dövlət başçısı rayonların birləşdirilməsi təşəbbüsünü qaldırsa, bu gün bu işə müqavimət göstərənlər qabağa düşüb səs-səsə verəcəklər ki, bu zamanın tələbidir, qaçılmaz zərurətdir, rayonların birləşdirilməsi labüddür.
Samir SARI