Qanunsuz kəsim, açıq satılan ərzaqlar və nəzarətsiz satış xaosu – Bakının ən böyük bazarından reportaj

 
Paytaxtın ən böyük ticarət məntəqələrindən biri olan “8-ci km” bazarında bir müddətdir aparılan monitorinqlər, nəzarət tədbirləri, cərimələr və xəbərdarlıqlar sanki kağız üzərində qalır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müəssisədə qanunsuz quş kəsimi məntəqəsinin fəaliyyətinin məhdudlaşdırıldığını bəyan etsə də, Musavat.com-un əməkdaşı bazara baş çəkəndə tam başqa mənzərə ilə qarşılaşıb.
9d454fb8-42ed-4e02-b072-38b2b212020c.jpg (147 KB)
Qanunsuz quş kəsimi “dur” demir - sadəcə yer dəyişir
AQTA-nın məlumatında bazarda quş kəsiminin dayandırıldığı vurğulansa da, ərazidə aparılan müşahidələr bunun yarımçıq bir tədbir olduğunu göstərir. Rəsmi olaraq bağlanan nöqtə sadəcə bir yerdədir. Digər tərəfdə isə quş kəsimi əvvəlki qaydada davam edir - daha dar və havasız otaqlarda, üstəlik, ərzaq satışının aparıldığı piştaxtaların bir neçə addımlığında.
Bazardakı mənzərə belədir: eyni balaca otaqda həm diri quşlar satılır, həm də elə oradaca kəsilib yolunur. Toyuq lələklərinin otaqda uçuşması, döşəmədə bir-birinə qarışan qan və su izləri, künclərdə toplaşan çirk, satılan ərzaqlara yayılan kəskin qoxu - bütün bunlar həm satıcıları, həm alıcıları, həm də ərazidən sadəcə keçənləri belə narahat edir.
Balıqlar çöldə...
1c60359a-e7d2-4a77-bd16-14502b8aa83e.jpg (200 KB)
Bazarda növbəti təhlükəli nöqtə balıq satılan zonadır. Soyuq havaya güvənərək soyuducudan istifadə edənlərin sayı azdır. Balıqların bir çoxu açıq piştaxtalara düzülüb. Bir satıcı balığın zəhərlənmə riskindən danışanda gülümsünərək deyir:
“Soyuqdur axı, niyə xarab olsun? Görmürsünüz, buz kimidir”. Halbuki qida təhlükəsizliyi mütəxəssisləri ən çox zəhərlənmələrə səbəb olan məhsullar sırasında balığı birinci sıraya qoyur.
Soyuducusuz pendir və şor satışları: “Hava sərin olanda soyuducuya ehtiyac olmur”
Bazarın başqa bir küncündə yağ, pendir, şor satışı var. Bəs soyuducu? Ya yoxdur, ya da sadəcə dekor kimi dayanır. Açıq havada satılan süd məhsullarına satıcılar “Hava soyuqdur, heç nə olmaz” arqumentini səsləndirir.
befb5e26-2382-4ef2-bdc8-ffc5020bb731.jpg (205 KB)
Soyuducusuz satılan toyuq məhsullarına rast gəlmək isə artıq adi haldır: kəsilmiş, yolunmuş toyuqlar vitrində saxlanılır.
Un kisələri də təhlükədə: Ağzı açıq, çirkin içində
Geniş yayılmış nöqsanlardan biri də un çuvallarının ağzının açıq qalmasıdır. Bəlkə də bu, bir çoxlarının diqqətini çəkmir, amma əsil risk mənbəyidir.
“8-ci km” bazarı – ölkənin ən böyük ərzaq mərkəzlərindən biridir, amma burada nəzarət isə ən zəif həlqədir.
b5d340af-9dfb-4197-b796-52bdcb2f4b17.jpg (153 KB)
Bazarda gəzərkən insanda belə bir təəssürat yaranır: qaydanın olub-olmaması satıcıların vicdanına buraxılıb. Nəzarət isə yalnız “yoxlamaların gəldiyi gün” effektindən ibarətdir. Ərzaq təhlükəsizliyi bir ölkənin milli təhlükəsizliyi qədər önəmli məsələdir. Amma “8-ci km” kimi yüzlərlə insanın gündəlik alış-veriş məntəqəsi olan bir bazarda bu qədər ciddi pozuntuların varlığı həm istehlakçıların sağlamlığına, həm də dövlətin nəzarət mexanizminə kölgə salır.
686d0cb6-d058-459b-a229-ece593764592.jpg (181 KB)
Şahanə Rəhimli
Tarix: Dünən, 22:01
Xəbəri paylaş





Xəbər lenti