Tanınmış rusiyalı müxalifətçilər azadlıqda - Rusiya ilə Qərb arasında “böyük mübadilə” baş tutub


Qərb mənbələrinin Rusiya ilə Qərb ölkələri arasında əsir və məhbus mübadiləsinin baş verəcəyi ilə bağlı məlumatı öz təsdiqini tapır. 
“AzPolitika” xəbər verir ki, təhvil-təslim prosesi Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) təşkilatçılığı ilə baş tutub.

Bildirilib ki, məhbus mübadiləsi üçün Rusiyadan Türkiyə paytaxtına iki təyyarə enib. İlk olaraq, Sloveniyada Rusiyanın xeyrinə casusluqda ittiham olunaraq 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilən Artyom və Anna Dultsevlər Rusiyaya ekstradisiya edilib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mübadiləni şərh etməkdən imtina edib. Bundan öncə isə “The Moscow Times” xəbər verib ki, ümumilikdə 20-30 rusiyalı siyasi məhbus və jurnalist Qərbdə saxlanılan rusiyalı agentlərlə, kəşfiyyatçılarla və digər cinayətlər törətmiş şəxslərlə dəyişdiriləcəklər.


Qeyd edək ki, siyahıda Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) ilə əlaqəli şəxslər, ABŞ vətəndaşları və “Rusiya ordusu barədə feyk xəbərlər yaymaqda” günahlandırılaraq həbs olunan bir qrup rusiyalılar var. Məlumata görə, onların arasında müxalifətçilər Vladimir Kara-Murza İlya Yaşin də olub.

Həmçinin casusluqda təqsirli bilinən “Wall Street Journal”-ın jurnalisti Evan Gerşkoviç və keçmiş ABŞ dəniz piyadaçısı Pol Uilan da yer alıb.
C.Məmmədov
Tarix: 1-08-2024, 19:02
Xəbəri paylaş





Xəbər lenti