Fotoqraflar məbləğin 45-150 manat arasında dəyişdiyini deyirlər...
Artıq növbəti tədris ili yekunlaşmaq üzrədir. İstər universitet, istər texnikum, istərsə də orta məktəbi bitirəcək məzunlar yaşadıqları tələbəlik illərini, sevimli müəllimlərini və tələbə, sinif yoldaşları ilə keçirdiyi günləri əbədiləşdirmək və yaddaşda qalan bir tərzdə saxlamaq istəyir.
Əlbəttə ki, xoş xatirələri əbədiləşdirməyin yeganə yolu şəkildir. Məhz buna görə də bu il məzun olacaq şəxslər buna da ən yaxşı üsulun vinetka olduğunu düşünürlər. Odur ki, məzunları imtahanlardan daha çox vinetka qayğısı bürüyüb. Fotoqraflar da, demək olar ki, universitet, texnikum və məktəbləri bir-bir gəzərək özlərinə “müştəri” yığmağa çalışırlar.
Maraqlıdır, bəs bu il xatirələri əbədiləşdirmək üçün təklif edilən vinetkaların qiymətləri, şərtləri nələrdir? Bunu öyrənmək üçün bir neçə fotoqraflarla söhətləşdik. Müşahidələrimiz zamanı məlum oldu ki, vinetkanın qiyməti şəkil albomunun vərəqlərinin sayına, vərəqlərin qalınlığına, çəkiliş məkanlarının sayına görə fərqlənir. Qiymətlərə çəkiliş məkanlarına görə geyimlərin, məzun paltarının, makiyaj və saçın da fotoqrafa aid olması təsir edir. Söhbətləşdiyimiz fotoqrafların sözlərinə görə, xüsusən də tələbələr vinetka üçün məkan və geyimlərin çox olmasını istəyir. Artıq gənclər sadə yox fərqli, qeyri adi vinetkalara üstünlük verirlər. Hətta vinetka üzərində diskdə xüsusi klip tələb edilməsini istəyənlər belə olur.
Fotoqraf Arif Əliyev vinetka qiymətlərinin 45-60 manat arasında dəyişdiyini dedi: “Çəkilişlər üçün məkan yeri olaraq üç yer seçilir. Üç məkanda şəkil çəkdirmək daxil olmaqla, vinetkanın qiyməti 45 manata başa gələcək. Hər çəkiliş 2-4 saat arasında gedir. O vaxt ərzində nə qədər şəkil çəkə bilsək çəkirik. Gecə çəkilişi istəsəniz onu da edirik. Bütün fəsilləri əhatə edəcək bir vinetka hazırlayırıq. Əgər tələbələr istəsələr, çəkilişlərdən birini studiya daxili edirik. Albom 14 səhifədən ibarət olur. Qalın səhifəli və nazik səhifəli olur. Seçdiyiniz alboma görə qiymət fərqlənə bilər. Məsələn, 45 manat dediyimiz vinetka albom seçiminizə görə 50-55 manata kimi qalxa bilər. Albomun ən ucuzu nazik vərəqli olanıdır. 3 məkanda çəkilişlə bir yerdə bu vinetka sizə 45 manata başa gələcək. Ən bahalısı isə 3 məkanda çəkilişlə birgə 50-60 manata başa gələcək. 5 məkanda çəkilişdə albom da fərqlidir və qiymət 60-70 manat arasında dəyişəcək”.
Söhbətləşdiyimiz digər fotoqraf Elçin Məmmədov isə geyimlərin qiymətə təsir etdiyini dedi: “Məzun geyimi, milli geyim, saçın yığılması, makiyaj qiymətlərə təsir edir. Məzun geyiminin bir ədədinin kirayəsi 2 manat, milli geyimlər 5 manatdır. Milli geyim 3-4 ədəd olsa kifayət edər. İbtidai sinfi bitirən balacalar və bağçayla vidalaşanlar üçün vinetka qiyməti siniflər üçün vinetka qiyməti 20-30 manata arasında dəyişir. Çünki onlar müxtəlif məkanlarda çəkiliş edilmir. Bağça, məktəb daxilində edilir və bir də buraxılış tədbirindən şəkillər çəkilir. Ona görə də qiymət münasib hesab edilir. 11-ci siniflər isə 3 məkanda, bulvar, İçərişəhər və Botanika Bağında çəkiliş 60 manata başa gələcək. Tələbələr üçün isə 80-100 manat arasında dəyişir. Bura 4 fəsil, Şahdağda çəkiliş və tələbələrin istəyinə uyğun hansısa rayonda və Bakıda çəkiliş daxildir. Albomumuz orta ölçülüdür. Ola bilər ki, kimsə albomun böyük olmasını istəsin. Bu zaman qiymət 120-150 arasında dəyişir. Vinetkanın materialının da qiymətə təsiri var. Kiməsə görə bu qiymət baha gələ bilər. Ancaq nəzərə alınmalıdır ki, bu boyalar, vərəqlər, obloşkaların hamısı xaricdən gəlir, ona görə də qiymət bir qədər baha görünə bilər. Bu rənglər axmır, vərəqlər bir neçə ildən sonra yararsız vəziyyətə düşmür. Kim ki, desə ki, bütün lazımı vəsaitlər Azərbaycanda istehsal olunur və ucuzdur bilin ki, o yalandır. Ucuz vinetkalar bir neçə ildən sonra yararsız vəziyyətə düşəcək. Bu, elə bir şeydir ki, insan bunu bəlkə də qocalana qədər saxlayır, baxır. Ona görə də bir dəfəlik keyfiyyətli vinetkalara üstünlük versinlər”.
Fotoqraflar bu işdən elə də qazancları olmadığını dedilər. Əvvəllər onlara bu işdən xeyli pul qalırdısa, indi az qazanc əldə etdiklərini dedilər. Fotoqrafçılar məzunların da əvvəlki kimi vinetka çəkdirmək həvəsində olmadığını deyirdilər. Vinetkadan imtina edənlər arasında tələbələrin daha çox olduğunu deyən fotoqrafçılar bunu daha çox maddi durumla əlaqələndirirlər.
Foto studiyalardan birində olarkən bir neçə tələbənin vinetka üçün razılaşmağa gəldiyini gördük. Qrupda 25 nəfər olsa da, cəmi 15 nəfərin vinetka çəkdirməyə razı olduğunu deyən Bakı Dövlət Universitetinin sinif nümayəndəsi Ülkər Qasımova tələbələrin bəzilərinin vinetka pulu verməyə imkanları olmadığını dedi: elə uşaqlar var ki, heç təhsil haqqını tam ödəməyib. Ona görə də onların vinetkadan imtina etməsi başa düşüləndir. Qiymətlər normaldır. Amma bir az endirimlər olsa daha yaxşı olardı. Nəzərə alsaq ki, bir nəfər üçün 100 manat vinetka pulu 25 nəfər çəkdirsə, fotoqraf nə qədər qazanc əldə etmiş olur".
Tələbələrdən fotoqrafçıların pulu yığdıqdan sonra bəzən yoxa çıxdığını deyənlər də oldu: “Bir neçə il öncə universitetin ətrafında vinetka çəkilməsi üçün bir-bir sinifləri gəzən fotoqrafçı vinetka pullarını yığdıqdan sonra yoxa çıxmışdı. Belə risklər də var. Ona görə də biz yarı pulu indi veririk, yarı pulu da vinetkalar tam hazır olanda verəcəyik”.
Günel MANAFLI




Tarix: 22-05-2017, 10:50