Qərb Rusiyaya uduzdumu..

 Qərb Rusiyaya uduzdumu..
Sülhəddin Əkbər: “Rusiya legitim Ukraynanı uduzdu”

Gələn ay Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların 3 ili tamam olacaq. Bu illər ərzində gəlinən qənaət budur ki, Qərb Rusiyadan istədiyini hələ ki əldə edə bilməyib. Əksinə, Rusiya dünya hegemonluğu siyasətini yürütməkdə davam edir.

Belə ki, Kreml sanksiyalara məruz qalmasına səbəb olan işğal etdiyi Ukrayna ərazilərini geri qaytarmayıb, belə bir fikri də yoxdur. Eyni zamanda Suriyada istədiyi siyasəti həyata keçirə bilib, yəni Bəşər Əsəd rejimini hələ də hakimiyyətdə saxlayır. Bütün bunlar Qərbin Rusiyaya uduzması ilə bağlı fikirlərin meydana çıxmasına səbəb olub.

Azad Demokratlar Partiyasının sədri, MTN-in sabiq birinci müavini Sülhəddin Əkbər deyilən fikirlərlə razı deyil: “Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyanı idarə edən güclər- üçtərəfli komissiyanı nəzərdə tuturam - Putin rejimin dəyişdirilməsi, bu mümkün olmasa, siyasətinin qarşısının alınması barədə qərar qəbul etdilər. O zamankı Barak Obama administrasiyası və NATO birlikdə hərəkətə keçdilər. İki illik proqram bununla bağlı hazırlandı. 6 fevral 2015-ci ildə Amerika öz milli təhlükəsizlik strategiyasını yenilədi, Rusiyanın qarşısını almağı bir nömrəli hədəf seçdilər. İki illik hazırlıq dövrü oldu və bu bütün sahələri əhatə edirdi. Bu müddət artıq başa çatıb. NATO-nun 8-9 iyuldakı Varşava sammiti ilə bu hazırlığa yekun vuruldu. Bundan sonra ABŞ, Avropa Birliyi və NATO aktiv hərəkətə keçdi.

NATO-nun çevik qüvvətləri artırıldı. Yeri gəlmişkən, 500 nəfərlik hərbi kontingent qonşu Gürcüstanda yerləşdirilib. Buna təəssüflər olsun ki, Azərbaycan mətbuatı o qədər də ciddi önəm vermir. Şərqi Avropa ölkələri və digər dövlətlərdə də belə kontingentlər yaradıldı. 15-16 fevralda NATO-nun müdafiə nazirlərinin görüşündə Qara Dənizdə flotriyasının yaradılması haqqında qərarın qəbulu gözlənilir.

Bu da çox ciddi məsələdir. Bütün bu və ya digər amillər ABŞ, Avropa Birliyi və NATO-nun aktiv hərəkətə keçdiyini göstərir. Rusiya sanksiyalar, xüsusilə dünyada neftin qiymətinin kəskin şəkildə azalması nəticəsində xeyli zəifləyib. Bunun nəticəsidir ki, onun aqressivliyi xeyli artıb. Məncə, insanlar Rusiyanın qəzəbinin artmasını düzgün izah edə bilmirlər. Rusiya aktiv hərəkətə nə zaman keçdi? 13 may 2005-ci ildə. Həmin vaxtda Azərbaycan və Moldovada seçkilər idi.

Ölkəmizdə demokratik dəyişikliklər önə alındı, Əli İnsanov və Fərhad Əliyevin həbsi, Rəsul Quliyevin ölkəyə gəlişinin qarşısının alınması və digər hadisələr baş verdi. 2008-ci il 8 avqustda Gürcüstana hərbi təcavüz edildi. Bu hadisə isə o zaman baş verdi ki, həmin ilin fevralında Kosovanın müstəqilliyi elan olundu, ABŞ və digər dövlətlər onu birtərəfli qaydada tanıdılar. Ardınca da apreldə NATO-ya üzv üçün hazırlıq proqramı Ukrayna və Gürcüstana verilmədi. Bütün bunlar Rusiyanın qarşısında, faktiki, ”yaşıl işıq" yandırdı. Rusiya da bunun əvəzini Gürcüstanda çıxdı. Kremlin ikinci aqressivliyi isə Ukraynaya hücumu ilə özünü göstərdi. Putin açıq şəkildə demişdi ki, biz bu addımı atmasaq, Ukrayna Avropa Birliyi ilə assosiativ saziş imzalayaqdı, ardınca da Ukraynanın NATO-ya üzvlüyü baş verəcəkdi, Krımda da NATO-nun hərbi bazası yerləşdiriləcəkdi, indi isə onlar bizə yalnız qonaq gələ bilərlər. Belə ciddi ifadələr işlətmişdi. Hadisələrə qiymət verərkən qlobal və regional yanaşma olmalıdır. Çox zaman Rusiyanın həmişə qazanclarından danışırlar.

Gürcüstan, Ukrayna və Suriyadakı uğurlarını dilə gətirirlər. Amma nəzərə almırlar ki, Rusiya legitim Ukraynanı uduzdu. Onun qeyri-legitim olaraq bir parçasını müvəqqəti ələ keçirdi. Eyni sözü Gürcüstan barədə də demək olar. Mən həmişə deyirəm, kaş Azərbaycanın bir hissəsini elə Rusiya açıq şəkildə işğal edərdi.

Gürcüstan və Azərbaycanı müqayisə edəndə fərqi görərik. Gürcüstan artıq NATO-nun bir parçası olmaq üzrədir. Görün bizdən nə qədər irəlidədir. Bir müddət gələcək, Gürcüstan öz suverenliyini təmin edəcək, amma Azərbaycan yox. Qarabağ belə mübahisəli zona hesab olunur. Azərbaycan Gürcüstan və Ukrayna kimi müdafiə olunmur. Hərbi yolla problemini həll etmək istəsə, bu dəfə önündə Amerika və Fransanı da görəcək".

Cavanşir ABBASLI
Tarix: 9-02-2017, 09:30
Xəbəri paylaş





Xəbər lenti